Pediatrik oftalmologiya

Uşaq oftalmologiyası və çəpgözlük

Uşaqda görmə sistemi ilk illərdə formalaşır. Bu dövrdə aşkarlanmayan problem beyinin görmə mərkəzinin düzgün inkişaf etməməsinə gətirib çıxara bilər — buna görə erkən diaqnoz həlledicidir.

Valideyn nələrə diqqət etməlidir?

  • uşaq lövhəni və ya uzaqdakı əşyaları görməkdə çətinlik çəkir;
  • baxarkən gözlərini qıyır, başını əyir və ya bir gözünü yumur;
  • kitaba, televizora və ya ekrana həddindən artıq yaxın dayanır;
  • gözlərdə simmetriya pozuntusu — biri içəri və ya çölə yönəlir;
  • tez-tez gözünü ovuşdurur, gözlər sulanır və ya qızarır;
  • göz bəbəyindən alınan refleks qırmızı deyil, ağ görünür.
Leykokoriya — təcili əlamət. Normal gözlərdə göz bəbəyindən alınan refleks qırmızı olur. Ağ rəngdə görünməsi katarakta, retinoblastoma və digər ciddi patologiyaların əlaməti ola bilər və təxirəsalınmaz müayinə tələb edir.

Ambliopiya — “tənbəl göz”

Ambliopiya bir gözün görmə aktında lazımi qədər iştirak etməməsi və bu səbəbdən normal inkişaf etməməsidir. Normada hər iki göz eyni səviyyədə görməli və beyin iki təsviri birləşdirməlidir. Ambliopiyada beyin zəif görən gözün təsvirini “söndürür”.

Əsas səbəblər: iki göz arasında refraksiya fərqi, çəpgözlük, anadangəlmə katarakta və ya göz qapağının sallanması. Müalicə uşaqlıq dövründə daha effektivdir — buna görə müayinəni gecikdirmək olmaz.

Çəpgözlük (strabizm)

Çəpgözlükdə gözlər eyni nöqtəyə yönəlmir. Bəzi hallarda problem eynək və göz gimnastikası ilə aradan qaldırılır. Bu üsullarla düzəlmədikdə cərrahi müdaxilə aparılır.

Müalicəyə daha çox erkən yaşlarda üstünlük verilsə də, çəpgözlük yetkin yaşda da müalicə oluna bilir. Əməliyyat gözü hərəkət etdirən əzələlərə aparılır və hər hal üçün fərdi planlaşdırılır.

Uşaqlarda miyopiya və onun nəzarəti

Yaxına görmə — miyopiya — məktəb yaşında getdikcə daha çox rast gəlinir. Dərəcənin artmasını tam dayandırmaq həmişə mümkün olmasa da, bir neçə addım riski azaldır:

  • uşağı mütəmadi göz müayinəsinə aparmaq;
  • ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırmaq;
  • açıq havada vaxt keçirməyi təşviq etmək;
  • düzgün işıqlandırma və oxuma məsafəsinə diqqət etmək.

Eynək və ya kontakt linza taxmaq göz qüsurunun irəliləməsinə təsir etmir — onların yeganə məqsədi daha aydın görməni təmin etməkdir.

Körpələrdə gözyaşı kanalı tıxanıqlığı

Anadangəlmə gözyaşı kanalı tıxanıqlığı körpələrdə tez-tez rast gəlinir və gözün daim sulanması, bəzən irinli axıntı ilə özünü göstərir. Çox vaxt kanal öz-özünə açılır; bu dövrdə həkimin göstərdiyi masaj üsulu (Crigler masajı) tövsiyə olunur. Açılmadıqda kanalın yuyulması və ya cərrahi müdaxilə tələb oluna bilər.

Op. Dr. Səlahəddin Təhməzov

Op. Dr. Səlahəddin Təhməzov

Cərrah-Oftalmoloq · Kornea–refraktiv cərrahiyyə, pediatrik oftalmologiya