Maarifləndirmə

Göz sağlamlığı haqqında məqalələr

Gündəlik həyatda ən çox rast gəlinən göz problemləri, onların səbəbləri və qorunma yolları. Bu materiallar ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.

Kompüter görmə sindromu

Uzun müddət ekran qarşısında işləmək göz yorğunluğuna, quruluğa və bulanıq görməyə səbəb olur. Buna kompüter görmə sindromu deyilir.

Əlamətləri:

  • göz quruluğu və yanma hissi;
  • baş ağrısı və bulanıq görmə;
  • boyun və çiyin ağrıları.

Qorunma yolları:

  • 20-20-20 qaydası. Hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr uzağa baxın.
  • Ekran məsafəsi. Monitoru gözlərinizdən ən azı 50–70 sm uzaqda saxlayın.
  • İşıqlandırma. Otaq işığını ekranla balanslaşdırın; çox parlaq və ya qaranlıq mühitdən çəkinin.
  • Göz qırpma. Normalda dəqiqədə təxminən 25 dəfə göz qırpırıq, ekran qarşısında isə bu say kəskin azalır — şüurlu şəkildə daha tez-tez qırpın.

Quru göz sindromu

Göz quruluğunun səbəbi göz yaşının miqdarının və ya keyfiyyətinin kifayət etməməsidir. Özünü gözdə batma, qum hissi, yanma və qızartı ilə göstərir. Paradoksal olaraq, quru göz bəzən gözün daha çox sulanmasına səbəb olur — göz qıcıqlanmaya refleks olaraq cavab verir.

Risk artıran amillər: uzun ekran istifadəsi, kondisioner və isidici ilə quru mühit, kontakt linza, bəzi dərmanlar, göz ətrafı kosmetika və makiyaj qalıqları.

Gündəlik makiyaj edənlərdə göz qapağı kənarının və kirpik dibinin təmiz saxlanılması qıcıqlanmanın qarşısını almağa kömək edir. Şikayət davam edirsə, müalicə həkim tərəfindən təyin edilməlidir — uzunmüddətli quruluq buynuz qişanın səthinə zərər verə bilər.

Uşaqlarda yaxına görmə (miyopiya)

Uşağınız tez-tez gözlərini qıyırsa, lövhəni uzaqdan görməkdə çətinlik çəkirsə və ya daim ekrana yaxın dayanırsa, diqqətli olun — bunlar miyopiyanın erkən əlamətləri ola bilər.

Valideynlər üçün vacib addımlar:

  • uşağı mütəmadi göz müayinəsinə aparın;
  • ekran qarşısındakı vaxtı məhdudlaşdırın;
  • açıq havada vaxt keçirməsini təşviq edin;
  • düzgün işıqlandırma və oxuma vərdişlərinə diqqət edin.

Ətraflı: Uşaq oftalmologiyası və çəpgözlük.

Lazerlə görmə korreksiyası: miflər və reallıq

Mif: lazer əməliyyatı təhlükəlidir və korluğa səbəb ola bilər.
Reallıq: müasir lazer texnologiyası ilə komplikasiya riski minimaldır; düzgün aparılan əməliyyat korluğa səbəb olmaz.

Mif: əməliyyatdan sonra görmə daha da pisləşir.
Reallıq: görmə keyfiyyəti ilk günlərdə bulanıq ola bilər, lakin sağalma prosesi tamamlandıqdan sonra stabilləşir.

Mif: lazer korreksiyası hər kəs üçün uyğundur.
Reallıq: xeyr. Buynuz qişanın qalınlığı, görmənin sabitliyi və digər tibbi göstəricilər qiymətləndirilməlidir.

Mif: əməliyyatdan sonra eynək və ya linzaya heç vaxt ehtiyac qalmır.
Reallıq: çox pasiyentdə görmə tam düzəlir, lakin yaş artdıqca presbiopiya yarana bilər və yaxın üçün eynək lazım ola bilər.

Ətraflı: Lazerlə görmə korreksiyası.

Keratokonus və gözləri ovuşdurma vərdişi

Keratokonusda buynuz qişa nazilir və konus formasında qabarır; nəticədə görüntü təhrif olunur. Xəstəliyin tam səbəbi hələ tam aydınlaşdırılmasa da, genetik meyillik və mexaniki zədələnmənin rolu böyükdür.

Gözləri mütəmadi ovuşdurmaq vərdişi və sərt kontakt linzaların uzunmüddətli yanlış istifadəsi xəstəliyin inkişafında rol oynayır. Bədənin hər hansı hissəsini ovuşdurduqda həmin nahiyədə qan təzyiqinin artması təbiidir — ancaq söhbət gözdən getdikdə bu, buynuz qişaya mexaniki yük deməkdir.

Keratokonus zamanı görmə adi eynəklə düzəlmədikdə sərt və ya xüsusi yumşaq keratokonus linzaları təyin olunur. Xəstəliyin mərhələsindən asılı olaraq digər müalicə yanaşmaları dəyərləndirilir.

Göz gigiyenası və gündəlik vərdişlər

Bədənimizin havayla birbaşa təmasda olan iki hissəsindən biri gözdür. Göz yarığı ətraf mühitdəki toz, tüstü və mikroorqanizmlərlə davamlı təmasdadır — buna görə gündəlik gigiyena vərdişləri birbaşa göz sağlamlığına təsir edir.

  • Gözləri ovuşdurmayın. Bu, həm infeksiya keçirir, həm də buynuz qişaya mexaniki yük yaradır.
  • Kontakt linza qaydalarına riayət edin. İstifadə müddətini aşmayın, təmizləmə məhlulunu vaxtında dəyişin, linza ilə yatmayın.
  • Makiyajı tam təmizləyin. Göz qapağı kənarında və kirpik dibində qalan qalıq qıcıqlanma və iltihaba yol açır.
  • Hovuz və dənizdə üzərkən uyğun eynəkdən istifadə edin — su ilə keçən infeksiya riski real problemdir.
  • Günəş şüalarından qorunun. Ultrabənövşəyi şüalar həm göz səthinə, həm də göz ətrafı dəriyə zərər verir; keyfiyyətli günəş eynəyi istifadə edin.

Göz həkiminə nə vaxt getmək lazımdır?

Aşağıdakı hallarda müayinəni təxirə salmaq olmaz:

  • görmə qabiliyyətinin azalması — qısa müddətə də olsa;
  • göz önündə uçuşan obyektlər: qara nöqtələr, xallar, ləkələr;
  • gözdə işıq çaxmaları;
  • dumanlı, bulanıq görmə;
  • gözdə davamlı ağrı, qızartı və ya sulanma;
  • görmə sahəsinin daralması;
  • ikigörmə;
  • gözün qabarması və ya göz qapağının sallanması.
Təcili hallar: qəfil görmə itkisi, gözə zərbə, gözə kimyəvi maddə düşməsi və güclü göz ağrısı ilə müşayiət olunan bulanıq görmə təcili tibbi yardım tələb edir. Bu hallarda dərhal ən yaxın tibb müəssisəsinə müraciət edin.
Op. Dr. Səlahəddin Təhməzov

Op. Dr. Səlahəddin Təhməzov

Cərrah-Oftalmoloq · Kornea–refraktiv cərrahiyyə, pediatrik oftalmologiya