Refraktiv cərrahiyyə

Lazerlə görmə korreksiyası

Ekzimer lazer 30 ildən artıqdır göz cərrahiyyəsində istifadə olunan üsuldur. Buynuz qişanın formasından asılı olaraq yaranan sınma qüsurlarını — miyopiya, hipermetropiya və astiqmatizmi — düzəltmək üçün tətbiq edilir.

Lazer necə işləyir?

Gözə daxil olan işıq şüaları torlu qişada bir nöqtədə toplanmalıdır. Buynuz qişanın əyriliyi və ya gözün uzunluğu bu fokusu sürüşdürdükdə görüntü bulanıq olur. Ekzimer lazer buynuz qişanın səthini mikron dəqiqliyi ilə yenidən formalaşdıraraq fokusu düzgün nöqtəyə qaytarır.

Hansı üsullar tətbiq olunur?

  • LASIK. Buynuz qişada nazik qapaq qaldırılır, lazer alt qata tətbiq olunur, sonra qapaq öz yerinə qaytarılır.
  • LASEK və PRK. Səth üsullarıdır; buynuz qişanın qalınlığı və ya quruluşu LASIK üçün uyğun olmadıqda seçilir.
  • PTK. Fototerapevtik keratektomiya — buynuz qişanın səthindəki bəzi patologiyaların müalicəsində istifadə olunur.
  • Fakik göz içi linza. Dərəcə lazerlə düzəldilə bilməyəcək qədər yüksək olduqda və ya buynuz qişa nazik olduqda gözün içinə xüsusi linza yerləşdirilir. Gözün öz büllurü yerində qalır.

Kimlərə uyğundur?

  • 18 yaşdan yuxarı olanlar;
  • buynuz qişa toxumasının qalınlığı yetərli olanlar;
  • göz dərəcəsi son bir ildə dəyişməmiş olanlar;
  • buynuz qişanın qabarması (keratokonus), göz təzyiqi və digər göz xəstəlikləri olmayanlar.

Kimlərə aparılmır?

  • hamilə qadınlara;
  • revmatik xəstəlikləri olanlara;
  • buynuz qişa nazik və ya quruluşca uyğun olmayan gözlərə — bu hallarda fakik göz içi linza alternativi dəyərləndirilir.
Vacibdir: uyğunluq yalnız ətraflı müayinədən sonra müəyyən olunur. Buynuz qişa topoqrafiyası, qalınlıq ölçmələri, göz təzyiqi və göz dibi müayinəsi olmadan əməliyyat haqqında qərar vermək mümkün deyil.

Yayılmış yanlış təsəvvürlər

“Lazer əməliyyatı korluğa səbəb ola bilər.” Müasir lazer texnologiyası ilə komplikasiya riski minimaldır; düzgün göstəriş və düzgün texnika ilə aparılan əməliyyat korluğa səbəb olmaz.

“Əməliyyatdan sonra görmə daha da pisləşir.” İlk günlərdə görmə bulanıq ola bilər, lakin sağalma prosesi tamamlandıqdan sonra görmə stabilləşir.

“Lazer hər kəsə uyğundur.” Xeyr. Buynuz qişanın qalınlığı, görmənin sabitliyi və digər tibbi göstəricilər qiymətləndirilməlidir.

“Bir daha eynək lazım olmayacaq.” Çox pasiyentdə görmə tam düzəlir, lakin yaş artdıqca presbiopiya (yaxına görmə çətinliyi) yarana bilər və müəyyən hallarda yaxın üçün eynək lazım ola bilər.

Əməliyyat günü və sonrası

  • Prosedur damcı anesteziyası ilə aparılır; lazerin gözə tətbiqi qısa müddət çəkir.
  • İlk saatlarda gözdə yanma, sulanma və işığa həssaslıq ola bilər.
  • Təyin edilmiş damcılar göstərilən müddətdə istifadə olunmalı, gözü ovuşdurmaqdan çəkinmək lazımdır.
  • Nəzarət müayinələri əməliyyatdan sonrakı təyin edilmiş günlərdə aparılır.
Op. Dr. Səlahəddin Təhməzov

Op. Dr. Səlahəddin Təhməzov

Cərrah-Oftalmoloq · Kornea–refraktiv cərrahiyyə, pediatrik oftalmologiya